Bakı. Trend:
Qazaxıstan iqlim risklərinin aradan qaldırılması və dənizə çıxışı olmayan ölkələrin (LLDCs) dayanıqlı inkişafına töhfə vermək üçün koordinasiyalı beynəlxalq tədbirlərin zəruriliyinə diqqət çəkir.
Trend xəbər verir ki, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev “Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs) iqlim dəyişikliyinə davamlılığın artırılması və dayanıqlı inkişafa töhfə: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir vurğulayıb ki, Qazaxıstan dənizə çıxışı olmayan bir ölkə kimi, bu cür dövlətlərin, xüsusilə də qlobal iqlim dəyişikliyi şəraitində üzləşdiyi müxtəlif problemləri dərindən dərk edir.
“Biz iqlim dəyişikliklərinin ekstremal hava hadisələri, su ehtiyatlarının azalması və ərzaq təhlükəsizliyinin pisləşməsi kimi artan təsirləri ilə üzləşirik ki, bu da bizim həssaslığımızı artırır. Bu çağırışlar coğrafi məhdudiyyətlər və qlobal iqtisadiyyata inteqrasiyada çətinliklərlə daha da ağırlaşır”, - deyə E.Nısanbayev qeyd edib.
Onun sözlərinə görə, bu problemlərin həlli üçün ölkələr və beynəlxalq təşkilatlar arasında aktiv əməkdaşlıq vacibdir.
“Birgə səylərlə biz iqlim maliyyəsinə çıxışı genişləndirərək, dayanıqlı infrastrukturu gücləndirərək və innovasiya potensialından istifadə edərək, mühüm dəyişikliklərə nail ola bilərik. Qazaxıstan LLDCs birliyi daxilində və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə sadiqdir”, - deyə nazir bildirib.
Nazir əminliyini ifadə edib ki, bu cür təşəbbüslər oxşar çağırışlarla üzləşən bütün ölkələr üçün dayanıqlı gələcəyi təmin etməyə kömək edəcək.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.