Bakı. Trend:
Parlamentin iqlimin müdafiəsindəki səsi eşidilməlidir.
Trend xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin COP29 çərçivəsində Parlamentlərarası İttifaq (IPU) və Azərbaycan Milli Məclisi tərəfindən birgə təşkil edilən Parlament görüşündə jurnalistlərə açıqlamasında deyib.
“Rusiya nümayəndə heyəti Federasiya Şurasının rəhbərliyi ilə bu mühüm tədbirdə iştirak edir və belə miqyaslı bir tədbirin təşkilində azərbaycanlı dostlarımızı dəstəkləyir. Bu tədbir böyük əhəmiyyət kəsb edir.
Parlamentin iqlimin müdafiəsindəki səsi eşidilməlidir, çünki parlament xalqın fikrini əks etdirir”, - deyə o qeyd edib.
Andrey Yatskin əlavə edib ki, Rusiya Azərbaycanla birlikdə Xəzər dənizinin mühafizəsi üzrə tədqiqatlar aparır və tədbirlər həyata keçirir.
“Ümid edirəm ki, bugünkü görüş iqlim dəyişikliyindən müdafiə və Xəzərin qorunması ilə bağlı konkret tədbirlərin hazırlanmasına imkan yaradacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.