Bakı. Trend:
Hazırda Dünya Bankının iqlim maliyyələşdirilməsinin 30 faizi nəqliyyat infrastrukturunun dayanıqlığı ilə bağlı layihələrə yönəldilir.
Trend xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə direktoru Şarl Kormiyer “Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs) iqlim dəyişikliyinə davamlılığın artırılması və dayanıqlı inkişafa töhfə: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, 2017-ci ildə bu göstərici cəmi 10 faiz təşkil edirdi.
“LLDCs-lərin iqtisadiyyatları ticarət, təchizat zəncirlərinin inkişafı və icmaların birləşdirilməsi üçün nəqliyyat infrastrukturu və əlaqələrdən asılıdır. Mərkəzi Asiya isə daşqınlar və meşə yanğınları daxil olmaqla, artan iqlim riskləri ilə üzləşir. Məsələn, yalnız Qazaxıstanda 2019-cu ildə baş verən daşqınlar səbəbindən ölkə iqtisadiyyatı ÜDM-in 0,5 faizini itirdi. Əgər nəqliyyat infrastrukturunun dayanıqlığı artırılmasa, 2060-cı ilə qədər bu itkilər ÜDM-in 1,3 faizinə çata bilər”, - deyə o bildirib.
Ş.Kormiyer qeyd edib ki, uyğunlaşma maliyyələşdirilməsi hələ də kifayət qədər deyil.
“Qiymətləndirmələrə görə, hər il uyğunlaşma üçün 239 milyard dollar tələb olunur, lakin hazırda bu məbləğin yalnız üçdə birini görürük. Üstəlik, iqlim maliyyələşdirilməsinin yalnız 2 faizi nəqliyyat uyğunlaşmasına yönəldilib”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu problemi həll etmək üçün Dünya Bankı özəl sektoru cəlb etmək və digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda iqlim maliyyələşdirilməsini genişləndirmək üzərində fəal işləyir.
“Biz Transxəzər dəhlizi kimi transsərhəd layihələrə, o cümlədən, dəmir yolları, avtomobil və dəniz nəqliyyatını əhatə edən layihələrə sərmayə qoymağa davam edirik. Bu səylər LLDCs-lərin iqtisadiyyatını və iqlim dəyişikliyinə davamlılığını yaxşılaşdırmağa kömək edəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.