Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə olunan irəliləyiş regionda sabitliyin möhkəmlənməsi və regional əməkdaşlığın inkişafı istiqamətində ümidverici addımdır.
Trend xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur onlayn brifinq zamanı deyib.
“Ötən ilin avqust ayında Azərbaycan və Ermənistan arasında əldə olunan ilkin sülh razılaşması sabitliyin möhkəmlənməsi və regionda əməkdaşlığın inkişafı istiqamətində müsbət siqnal oldu.
Əgər bu proses davam etdirilərsə, o, ticarət, investisiyalar və iqtisadi inteqrasiya üçün bütün regionda yeni imkanlar aça bilər”, – deyə o vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşü ilə bağlı Birgə Bəyannamə imzalayıblar.
Bundan başqa, Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası xarici işlər naziri arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsini paraflayıblar.
