Bakı. Trend:
İcbari tibbi sığorta əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və sağlam həyat tərzinin təşviqini davam etdirir.
Bunu Trend-ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.
O bildirib ki, “E-Təbib" mobil tətbiqi rəqəmsal səhiyyə sahəsində həyata keçirilən ən önəmli layihələrdən biridir.
"Bu tətbiq hər il yenilənərək yeni funksiyalarla zənginləşdirilir. Yeni xidmət ondan ibarətdir ki, artıq vətəndaşlar icbari tibbi sığorta çərçivəsində aldıqları tibbi xidmətləri qiymətləndirə biləcəklər. Yəni, istifadə etdikləri tibb müəssisəsini, həkimi və ümumilikdə xidmətin keyfiyyətini mobil tətbiq üzərindən qiymətləndirmək imkanı yaradılıb.
Bu da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) imkan verir ki, vətəndaş məmnuniyyətini izləyərək tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün konkret addımlar atsın. Hansı xidmətlərin və ya müəssisələrin bəyənildiyi və ya narazılıq doğurduğu barədə məlumat əsasında daha məqsədyönlü qərarlar veriləcək",- deyə o əlavə edib.