...

Bakı-Tbilisi-Qars dəmir yolu: Şərqdən Qərbə uzanan iqtisadi körpü

İqtisadiyyat Materials 30 Oktyabr 2025 13:21 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu: Şərqdən Qərbə uzanan iqtisadi körpü
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Düz səkkiz il əvvəl bu gün Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində regionun ən mühüm nəqliyyat layihələrindən biri – Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsini dəyişdirən tarixi hadisə oldu.

Bakı-Tbilisi-Qars dəmir yolunun ideyası XXI əsrin əvvəllərində Azərbaycanın təşəbbüsü ilə formalaşdı. Qlobal ticarət axınlarının Asiyadan Avropaya yönəldiyi bir zamanda, Azərbaycanın “Şərq-Qərb nəqliyyat dəhlizi” ideyasına verdiyi töhfə bu layihədə konkret təcəssümünü tapdı. BTQ xətti Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərini birləşdirərək Çindən Avropaya ən qısa və etibarlı quru yol yaratdı. Bu, həm iqtisadi, həm də siyasi baxımdan region dövlətlərinin müstəqil qərarvermə imkanlarını artırdı və onların beynəlxalq nəqliyyat sistemində rolunu gücləndirdi. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan BTQ-nin fəaliyyəti Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Dövlət Neft Fondu ümumilikdə 745.9 mln. ABŞ dolları vəsait ayrılıb.

2023-2024-cü illərdə ADY tərəfindən Orta Dəhlizin vacib seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır. Ötən il BTQ-nin Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

BTQ-nin fəaliyyətə başlaması ilə Azərbaycan nəqliyyat-logistika mərkəzinə çevrildi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və digər logistik layihələrlə birgə bu dəmir yolu Yeni İpək Yolunun ən vacib halqalarından birinə çevrildi.

BTQ xətti Cənubi Qafqazı Avropa və Asiya arasında körpü rolunda birləşdirir. Bu layihə sayəsində Azərbaycan yalnız tranzit ölkə deyil, beynəlxalq ticarət sisteminin fəal iştirakçısı kimi çıxış edir. Layihə həmçinin “yaşıl logistika” konsepsiyasına uyğun şəkildə modernləşdirilir, rəqəmsal idarəetmə və ekoloji nəqliyyat həlləri tətbiq olunur.

Layihə həmçinin Türkiyə ilə Orta Asiya ölkələri arasında yeni əlaqə yaratdı, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər dövlətlər üçün dəniz daşımalarına alternativ quru marşrut açdı. Bu isə regionda iqtisadi inteqrasiyanı və qarşılıqlı asılılığı gücləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın müstəqil inkişaf modelinin, regional liderliyinin və strateji düşüncəsinin bariz nümunəsidir. Səkkiz il ərzində bu xətt regionun iqtisadi simasını dəyişdirib, ölkələr arasında yeni əməkdaşlıq körpüləri salıb və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirib.

Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə, təqribən, 6-8 milyon ton yük daşınır. Növbəti illərdə isə polad magistralla 3 milyon sərnişin və 17 milyon ton yük daşınması nəzərdə tutulur.

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan infrastruktur BTQ-nin gələcəkdə Qarabağ və Naxçıvan istiqamətində genişlənməsi üçün yeni imkanlar açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti