Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Rio-de-Janeyroda hüquq-mühafizə orqanlarının yerli narkotik dəstələrinə qarşı keçirdiyi əməliyyat zamanı çoxsaylı insan tələfatı və yaralanmalardan ciddi narahatlığını ifadə edib və Braziliya hakimiyyətini hadisəni araşdırmağa çağırıb.
Trend xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
Qeyd edək ki, Rio-de-Janeyro ştatının hakimiyyət orqanları əməliyyat nəticəsində 132 nəfərin həlak olduğunu təsdiqləyib.
“Baş katib polis əməliyyatlarında güc tətbiqinin beynəlxalq hüquq və standartlara uyğun olmasının vacibliyini vurğulayıb və hadisə ilə bağlı dərhal araşdırma aparılmasına çağırıb”, – Düjarrik bildirib.
O əlavə edib ki, mövcud məlumata əsasən, Braziliyadakı bütün BMT əməkdaşları təhlükəsizlikdədir.
