Bakı. Trend:
Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşü zamanı baş tutub.
Görüşdə Azərbaycanın OECD-nin Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində Təşkilatla fəal əməkdaşlıq etdiyi vurğulanıb. İqtisadi diversifikasiya, rəqabətqabiliyyətinin artırılması, rəqəmsallaşma və investisiya mühitinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə səmərəli tərəfdaşlığın həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, Avrasiya ölkələri ilə OECD arasında əlaqələrin gücləndirilməsi regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir.
Tərəflər investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Hərtərəfli əməkdaşlıq üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barəsində müzakirələr aparılıb.
