Bakı. Trend:
Azərbaycan və Türkiyə sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.
"Mərkəzi Bankda Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyinin sədri cənab Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq.
Görüşdə hər iki ölkənin sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzaladıq. Bu Memorandum qurumlar arasında sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşviqinə xidmət edəcək.
Əminik ki, Memorandum iki qardaş ölkənin maliyyə sistemləri arasında inteqrasiyanın dərinləşdirilməsinə, o cümlədən regional səviyyədə sığorta sektorunun dayanıqlı inkişafına mühüm töhfə verəcək", - paylaşımda qeyd edilib.
