...

“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər" adlı sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 29 Oktyabr 2025 23:11 (UTC +04:00)
“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər" adlı sərgi açılıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 2-dək paytaxtda keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində “Nine Senses” Art Center”də azərbaycanlı rəssam Ramina Səadətxanın "Od, Su və Öpüşlər" adlı fərdi sərgisi açılıb.

Trend xəbər verir ki, sərginin əsas mövzusu beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoq qurmağı hədəfləyən “Art Weekend” festivalının simvolik elementi olan su olub.

Ramina Səadətxanın yeni “Od, Su və Öpüşlər” silsiləsi, ruhu təmizləyən və insanı bədənin dilini anlamağa yaxınlaşdıran əsas ünsürlərə - mahiyyətə toxunmaq üçün poetik bir cəhddir. “Od, Su və Öpüşlər” ünsürləri vasitəsilə müəllif bədən və ruh, ünsürlər və duyğular arasındakı dialoqu açaraq, tamaşaçıları əbədi hərəkətdən harmoniyanın yarandığı ziddiyyətlər dünyasına dəvət edir.

AZƏRTAC-ın müxbiri ilə söhbətdə R.Səadətxan yeni əsərlər silsiləsinin ideyasının art festivalın təşkilatçıları tərəfindən təklif olunan su mövzusundan qaynaqlandığını deyib. Lakin rəssam su ilə odu qarşı-qarşıya qoyaraq və konsepsiyaya əksliklərin birləşməsi metaforası kimi üçüncü simvolu - öpüşü əlavə etməklə bu ideyanı genişləndirmək qərarına gəldi.

Rəssamın sözlərinə görə, sərgi onun yaradıcı təcrübələrində və daxili özünüdərketmədə növbəti mərhələ oldu.

“Mən daxili mənliyimi daha dərindən öyrənməyə çalışıram. Rəsm vasitəsilə niyə yaşadığımı və bundan sonra hara hərəkət etməli olduğumu daha yaxşı başa düşürəm. Bu, mənim üçün bir növ meditasiyadır. Rəsmsiz yaşanan bir gün, mənim üçün sanki heç yaşanmamış bir gün kimidir”, - deyə müəllif fikirlərini bölüşüb.

Tamaşaçıların reaksiyasından danışan R.Səadətxan vurğulayıb ki, hər bir rəsm əsəri şəxsi duyğular və interpretasiyalar üçün yer buraxır.

“İstərdim ki, tamaşaçı mənim daxili dünyamı hiss etsin. Hər bir insan rəsmləri özünəməxsus şəkildə görür - bəzən mənim özümün dərk etmədiyim şeyləri görür. Onlar gizli mənalar tapırlar və bu, özümü getdikcə daha çox açmağa kömək edir”, - deyə rəssam qeyd edib.

Ramina Səadətxan A.Əzimov adına Rəssamlıq Kollecinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun yaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizm elementləri birləşir. Sərginin “Uomo Natura” adlı ilk hissəsi hazırda “Art Center”in “Sea Breeze” istirahət mərkəzindəki filialında nümayiş olunur. 2022-ci ildə onun “Xaosun enerjisi” əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan Pavilyonunda nümayiş etdirilib və bu, rəssamın beynəlxalq yaradıcılıq bioqrafiyasında mühüm bir mərhələ olub.

Qeyd edək ki, “Od, Su və Öpüşlər” sərgisi “Art Weekend” proqramının bir hissəsidir.

Müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuş layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin yaradıcısı və rəhbəri Leyla Əliyevadır.

Xəbər lenti

Xəbər lenti