Bakı. Trend:
Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərə kök salmış istisna bir qardaşlığa hamımız şahidlik edirik.
Trend xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək:
“Azərbaycanlı qardaşlarımız bu gün əldə etdikləri uğurları danışıqlar masasına da daşıyıblar. Bölgədə qalıcı sülhün təmin edilməsi, inkişafın başlanması və əlaqələrin artması üçün tarixi bir fürsət yaranıb. Bölgədə bərqərar olunacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya faydalanacaq. Buna görə də, qalıcı sülhün təmin olunması hamımızın ən böyük arzusudur”.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın qlobal sülh və sabitlik uğrunda göstərdiyi səylər bütün dünya tərəfindən diqqətlə izlənir:
“Bu çərçivədə Ukraynadakı müharibənin bir an əvvəl dayanması, Qəzzədə atəşkəsin təmin olunaraq iki dövlətli həll yoluna nail olunması və Suriyada sülh və sabitliyin möhkəmlənməsi əsas prioritetlərimizdəndir.
Bütün bu məsələlərdə biz Azərbaycanla sıx əməkdaşlıq və həmrəylik içindəyik. Daha ədalətli bir dünya mümkündür və bunun üçün birlikdə çalışmalıyıq”.
