Bakı. Trend:
Belçika müstəmləkəçiliyinə həsr edilmiş beynəlxalq tədbir ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir. Tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak edirlər.
Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər qatılıb. İştirakçılar Belçikanın müstəmləkə cinayətlərini, onun neokolonial siyasətini və müstəmləkəçilikdən irəli gələn kompensasiya (reparasiya) məsələlərini müzakirə edirlər.
Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində Belçikanın müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbinin beynəlxalq səviyyəyə çıxarılması və bu mövzunun beynəlxalq təşkilatların gündəliyinə salınması istiqamətində fəaliyyət göstərir.
Tarixi faktlara görə, Belçika müstəmləkəçiliyi Konqo Demokratik Respublikasında 10 milyon insanın ölümünə, on minlərlə insanın əlil qalmasına və ölkənin mədəni sərvətlərinin talan edilməsinə səbəb olub. Ruanda və Burundidə isə Belçika 1933-cü ildə 600 min etnik kimlik kartı paylayaraq etnik bölünməni dərinləşdirib, bu da sonradan 1972 və 1994-cü illərdə baş verən soyqırımlara zəmin yaradıb.
Bundan əlavə, 1940–1950-ci illərdə 20 min métis uşaq ailələrindən zorla alınaraq Belçikaya aparılıb. Hazırda Belçikada yerləşən Tervuren Muzeyində müstəmləkə dövründə talan edilmiş 180 min artefakt saxlanılır, onlardan 40 mindən çoxu Ruandadan aparılmış mədəni nümunələrdir.
BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın müstəmləkə altında saxladığı ölkələrə vurduğu ziyanın araşdırılması üçün xüsusi komissiyanın yaradılması, arxivlərin açılması və reparasiyaların ödənilməsi tövsiyə olunur. Hesabatda Konqo Demokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün isə 36 milyard avro təzminat tələb edilir.
Hazırda da Belçika keçmiş müstəmləkə ərazilərində resurslara, xüsusilə kobalt mədənlərinin 80 faizinə nəzarəti saxlayaraq neokolonial istismar siyasətini davam etdirir.
