Bakı. Trend:
Azərbaycan bizim əsas tərəfdaşımızdır və ölkələrimiz arasındakı ticarət-iqtisadi əməkdaşlıq hər il davamlı müsbət dinamika nümayiş etdirir.
Trend xəbər verir ki, bunu Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova bu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, cari ilin 8 ayında iki ölkə arasındakı qarşılıqlı ticarət təxminən 350 milyon ABŞ dolları təşkil edib:
"Dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq üzrə ambisiyalı vəzifə qoyublar. Hesab edirəm ki, bu vəzifələr bizim üçün əlçatandır. Françayzinq tərəfdaşlıqlarının tərkibində birgə türkdilli dövlətlərin vahid brendi altında inkişaf üçün böyük potensial mövcuddur.
Keçən ilin iyun ayında Qazaxıstan Prezidenti Qasım-Jomart Kəmaləviç Tokayev ümumtürk patent təşkilatının yaradılması təşəbbüsünü elan edib. Bu təşəbbüs qardaş ölkələr tərəfindən dəstəklənib. Hazırda müvafiq sənədlərin konsepsiyalarının razılaşdırılması ilə bağlı təşkilati işlər aparılır. Təşkilat tamamlandıqdan sonra ilk strateji layihə kimi ümumtürk vahid brendinin qeydiyyatını işləyib hazırlamaq simvolik olardı. Bu, türkdilli ölkələrin iqtisadi və mədəni potensialını beynəlxalq səviyyədə tanıtmaq üçün güclü bir stimul olardı və Çin, Avropa, Hindistan, Afrika bazarlarına çıxış imkanı açardı. Amma bu yalnız ilk addımdır".
Nazir müavini vurğulayıb ki, stabil ticarət və logistika əlaqələrinin təmin olunması çox vacibdir:
"Bu baxımdan, transxəzər beynəlxalq marşrutunda böyük potensial mövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasına çevrilib. Son 5 ildə biz bu marşrut üzrə ticarət dövriyyəsini təxminən 6 dəfə artırmışıq. Keçən il marşrut üzrə dövriyyə 4,5 milyon dollar olub. Bu il isə həcmin daha da artması planlaşdırılır və ilin sonuna 5 milyon dollara çatdırılması nəzərdə tutulur.
Qazaxıstan həmçinin rəqəmsal əməkdaşlıq və innovasiyaların
tətbiqinə xüsusi diqqət yetirir. İT, süni intellekt və rəqəmsal
platformaların inkişafı bu gün rəqabət qabiliyyətini artıran əsas
amillərdəndir.
İşgüzar səfərim zamanı çox maraqlı rəqəmsal məhsullarla tanış oldum
və onları milli qanunvericiliyimizə tətbiq etməyi planlaşdırırıq.
Rəqəmsal həllərlə françayzinq modellərinin birləşməsi böyük
perspektivlər açır, ticarəti daha əlçatan, şəffaf və sürətli
edir".
