...

Türk dövlətləri arasında ticarət həcminin daha da artırılmasına ehtiyac var - Halit Kanak

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2025 11:26 (UTC +04:00)
Türk dövlətləri arasında ticarət həcminin daha da artırılmasına ehtiyac var - Halit Kanak
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı yaradıldıqdan sonra ticarət həcmi artmağa başladı və 2024-cü ildə 53 milyard dollar səviyyəsinə çatdı. Bu ciddi bir artımdır, amma kifayət deyil.

Trend xəbər verir ki, bunu Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin sədri Halit Kanak bu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, on il öncə türk dövlətləri arasında aparılan ticarət həcmi isə təxminən 10 milyard dollar idi:

"Biz müstəqil türk dövlətləri olaraq düşünürük ki, 180 milyonluq əhalimizlə yanaşı, Rusiya, Çin, Əfqanıstan, Pakistan, İran, Balkan ölkələri, Orta Şərq, Şərqi Avropa, Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya kimi regionlarda yaşayan soydaşlarımızla birlikdə 350 milyon əhalinin daxil olacağı daxili ticarətimiz ən azı 400 milyard dollar olmalıdır. Biz bu hədəflərə çatmaq üçün imkanın mövcud olduğunu hesab edirik.

Məsələn, 2024-cü ildə Türk Dövlətləri Təşkilatı ölkələrinin xaricdən həyata keçirdiyi ümumi idxal belədir; Azərbaycan - 21 milyard dollar, Özbəkistan - 56 milyard dollar, Qazaxıstan - 60 milyard dollar, Qırğızıstan - 12 milyard dollar, Türkiyə - 344 milyard dollar, Türkmənistan - 4 milyard dollar, Macarıstan -152 milyard dollar, Şimali Kipr Türk Respublikası - 2,8 milyard dollar".

H. Kanakın sözlərinə görə, bu ölkələrin ümumi idxalı 656 milyard dollar təşkil edir:

"Lakin bu ticarətin yalnız 53 milyard dolları türk dövlətləri arasında aparılıb. Bu isə çox aşağı bir göstəricidir və qəbuledilməzdir. Buna görə ticarət həcmini artırmaq üçün ilk növbədə birliyimizi gücləndirməliyik. Sosial, siyasi, mədəni və ən önəmlisi iqtisadi birliyi möhkəm təmellərə oturtmalıyıq.

Biz bir-birimizdən məhsul alma mədəniyyətini inkişaf etdirməliyik. İqtisadi birliyi təmin etmək üçün sənayeləşməni, istehsalı və ticarəti artırmalıyıq. Qardaş ölkələrimizdəki, Türkiyədəki iş adamlarına, sənayeçilərə müraciət edərək deyirik:

"Ehtiyacınız olan məhsulları əvvəlcə türk coğrafiyasındakı şirkətlərdən alın, əgər tapa bilməsəniz, digər ölkələrə müraciət edə bilərsiniz, amma öncə bizə müraciət edin".

H. Kanak qeyd edib ki, bu yanaşma daxili ticarət həcmini artıracaq və Türk dünyasının hər küncündə əməkdaşlığı gücləndirəcək: "Bunun üçün ticarət forumları, iqtisadi konqreslər və digər tədbirlər təşkil edilməlidir. Artıq bir çox təşkilat fəaliyyət göstərir, məsələn, Türkiyədə DEİK və Dünya İqtisadi İş Şurası kimi qurumlar mövcuddur. Eyni zamanda digər türk dövlətlərində də müvafiq təşkilatlar və sivil cəmiyyət qurumları fəaliyyət göstərir.

Bütün bu təşəbbüslərin məqsədi ortaq ticarəti artırmaq, iqtisadi inkişafı sürətləndirmək və türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti