Bakı. Trend:
Bakıda Avrasiya Françayzinq Forumu keçirilir.
Trend xəbər verir ki, tədbirə regionun müxtəlif ölkələrindən dövlət rəsmiləri, sahibkarlar, investorlar və françayzinq sahəsinin nümayəndələri qatılıb.
Forumun rəsmi açılışda Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov, KOBİA sədri Orxan Məmmədov, iqtisad elmləri doktoru, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova, “Gaztrade” şirkətinin icraçı direktoru Aynur Amirbekova, Türk Dünyası Federasiyasının sədri Halit Kanak və digərləri çıxış edirlər.
Tədbirdə çıxış edən Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova bildirib ki, cari ilin 8 ayında iki ölkə arasındakı qarşılıqlı ticarət təxminən 350 milyon ABŞ dolları təşkil edib:
"Dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq üzrə ambisiyalı vəzifə qoyublar. Hesab edirəm ki, bu vəzifələr bizim üçün əlçatandır. Françayzinq tərəfdaşlıqlarının tərkibində birgə türkdilli dövlətlərin vahid brendi altında inkişaf üçün böyük potensial mövcuddur.
Keçən ilin iyun ayında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ümumtürk patent təşkilatının yaradılması təşəbbüsünü elan edib. Bu təşəbbüs qardaş ölkələr tərəfindən dəstəklənib. Hazırda müvafiq sənədlərin konsepsiyalarının razılaşdırılması ilə bağlı təşkilati işlər aparılır. Təşkilat tamamlandıqdan sonra ilk strateji layihə kimi ümumtürk vahid brendinin qeydiyyatını işləyib hazırlamaq simvolik olardı. Bu, türkdilli ölkələrin iqtisadi və mədəni potensialını beynəlxalq səviyyədə tanıtmaq üçün güclü bir stimul olardı və Çin, Avropa, Hindistan, Afrika bazarlarına çıxış imkanı açardı. Amma bu yalnız ilk addımdır".
Nazir müavini vurğulayıb ki, stabil ticarət və logistika əlaqələrinin təmin olunması çox vacibdir:
"Bu baxımdan, transxəzər beynəlxalq marşrutunda böyük potensial mövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasına çevrilib. Son 5 ildə biz bu marşrut üzrə ticarət dövriyyəsini təxminən 6 dəfə artırmışıq. Keçən il marşrut üzrə dövriyyə 4,5 milyon dollar olub. Bu il isə həcmin daha da artması planlaşdırılır və ilin sonuna 5 milyon dollara çatdırılması nəzərdə tutulur.
"Gaztrade"in icraçı direktoru Aynur Amirbekova çıxışında bildirib ki, son üç gün ərzində əsas tərəfdaşlarla danışıqlar apararaq Azərbaycan məhsullarının Qazaxıstan bazarına daxil olması üçün ilkin brendləri inkişaf etdirilib.
Onun sözlərinə görə, iki həftə əvvəl Astana şəhərində təşkil edilən biznes missiyası məhsuldar olub:
"B2B görüşlər, B2G konsultasiyaları və Biznes Şurası Forumu nəticəsində artıq ticarət müqavilələri üzrə işlər başlanıb. İndi məqsədimiz uzunmüddətli ticarət yol xəritəsini qurmaq və tərəfdaşlığı sistemli şəkildə inkişaf etdirməkdir. Biz həmçinin qarşılıqlı ticarət missiyaları və sərgilər təşkil etməyə hazırıq – Azərbaycan məhsulları üçün Qazaxıstanda, Qazaxıstan məhsulları üçün Azərbaycanda".
Rəsmi açılışdan sonra "AzInTelecom" şirkətinin rəqəmsal marketinq bölməsinin rəhbəri Nərgiz Abdulhüseynova “Biznes prosesini SİMA ilə rəqəmsallaşdır” mövzusunda təqdimatla çıxış edəcək.
Forum çərçivəsində “Françayzinqin qlobal trendləri və Avrasiyada yeni imkanlar", “Pərakəndə ticarət və qida sənayesində françayzinq”, “Rəqəmsallaşma və texnologiyanın françayzinqə təsiri” mövzularında üç panel müzakirəsi keçiriləcək.
Panellərdə françayzinq sektorunun inkişaf perspektivləri, rəqəmsal transformasiya, e-ticarət, süni intellekt və texnologiyanın biznes modellərinə təsiri müzakirə olunacaq.
Forumun sonunda B2B görüşmələr, yekun çıxışlar və iştirakçılara sertifikatların təqdimatı planlaşdırılır.
Avrasiya Françayzinq Forumu françayzinq sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.
Xəbər yenilənəcək
