Zəngilan. Trend:
Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-də açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsi ilə tanış olublar.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva görülən işlər barədə jurnalistlərə məlumat verib.
O bildirib ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib.
Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb.
Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb.
Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.
