Bakı. Trend:
"Mercedes-Benz" 2025-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını dərc edib.
Trend xəbər verir ki, şirkətin bütün bölmələr üzrə mənfəəti 2024-cü ilin eyni dövründəki 7,8 milyard avrodan 3,87 milyard avroya düşüb.
Digər göstəricilər də geriləyib – xalis rüblük mənfəət təxminən 31% azalaraq 1,72 milyard avrodan 1,19 milyard avroya enib.
Şirkət itkiləri yeni tariflər səbəbindən xərclərin artması, mənfi məzənnə dəyişiklikləri və satış həcminin azalması ilə izah edir.
Üçüncü rübdə "Mercedes-Benz" 441 500 minik avtomobili (furqonlar və yüngül kommersiya avtomobilləri istisna olmaqla) müştərilərə təhvil verib, ilin əvvəlindən bəri isə bu rəqəm 1,34 milyon olub. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 12,3% və 8,3% azalma deməkdir.
