Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Slavyanka kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar.
Əməliyyat zamanı məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov Mehbalı həyətyanı sahədə təxminən 3 metr dərinlikdə olan quyuya düşərək xəsarət alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməklə vətəndaşı quyudan çıxarıb xilas ediblər.
