...

"Art Weekend" çərçivəsində Bakıda "Paratetisin dörd dənizi" adlı incəsənət kruizi təşkil olunacaq (FOTO/ VİDEO)

Mədəniyyət Materials 30 Oktyabr 2025 09:56 (UTC +04:00)
"Art Weekend" çərçivəsində Bakıda "Paratetisin dörd dənizi" adlı incəsənət kruizi təşkil olunacaq (FOTO/ VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalı keçiriləcək.

Trend xəbər verir ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su – davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “Art Weekend”in əsas elementi seçilib.

Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su, “Art Weekend”in əsas elementi kimi seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verəcək.

Festival çərçivəsində ən maraqlı proqramlardan biri, Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru, “Ekosfera” sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə tərəfindən məhz İncəsənət həftəsonu üçün hazırlanmış “Paratetisin dörd dənizi” adlı immersiv proqramdır. Bu proqram uşaqlar və onların valideynləri üçün nəzərdə tutulub, bir neçə məkan və istiqaməti birləşdirir. Firuzə Sultanzadənin sözlərinə görə, proqramın məqsədi yaradıcılığı, təhsili və ekoloji düşüncəni birləşdirərək gənc nəslin mədəniyyət və təbiətin əhəmiyyətini dərk etməsinə, eləcə də incəsənət vasitəsilə öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır. Uşaqlar sadəcə tamaşaçı yox, həm də tamhüquqlu iştirakçılar olacaqlar.

Proqram iştirakçıları dörd “incəsənət limanı”ndan ibarət art-kruizə çıxacaqlar, burada musiqi, təsviri incəsənət, elm və tədqiqat “dalğaları” üzərindən səyahət edəcəklər. Hər məntəqədə onları maraqlı və fərqli proqramlar gözləyəcək.

Birinci liman – Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzi olacaq. Burada iştirakçılara art-kruiz pasportları təqdim ediləcək və həmin pasportlarda ziyarət edilməli olan dörd məntəqə qeyd olunacaq.

“Burada qonaqlar elm atmosferinə düşəcəklər, müxtəlif ustad dərslərində iştirak edəcəklər, peşəkarlar, rəssamlar, heykəltəraşlar, landşaft dizaynerləri və alimlərlə birgə yaradıcılıqla məşğul olacaqlar, müxtəlif təcrübələr aparacaqlar. Məsələn, teatr maskaları hazırlayacaqlar, rəngləyəcəklər, dənizin səslərinə qulaq asacaqlar, balinalar və delfinlər haqqında öyrənəcəklər, su ilə bağlı problemləri araşdıracaqlar.”

İkinci liman – Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzinin yaxınlığında yerləşən Azərbaycan Milli İncəsənət Muzeyi olacaq.

“Muzeydə uşaqlar rəssamlarla görüşəcək, onlara ekskursiya təşkil olunacaq. Bütün bu fəaliyyətlər interaktiv və immersiv xarakter daşıyacaq. Uşaqlara rəssamların suyu necə təsvir etdikləri, suyun bədii fikir vasitəsilə necə ifadə oluna biləcəyi izah ediləcək. Bundan başqa, sulu əsasda akvarel rəssamlığı üzrə ustad dərsləri keçiriləcək. Həmçinin monotypiya – çap qrafikasının bir növü olan texnika təqdim olunacaq. Bu texnikada təsvir rəssam tərəfindən yağlı və ya çap boyası ilə metal lövhə üzərinə çəkilir və daha sonra ofort dəzgahında nəm kağız üzərinə təzyiqlə köçürülür. Geniş zalda isə suya, təbiətin mühafizəsinə və dəniz sahilində yaşayan heyvanlara həsr edilmiş müxtəlif animasiya və sənədli filmlər nümayiş olunacaq.”

Üçüncü liman – Azərbaycan Milli İncəsənət Muzeyinin yaxınlığında yerləşən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası olacaq.

“Filarmoniyada Əməkdar artist Eyub Quliyevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edəcək. Onlar suya həsr olunmuş dünya və milli klassiklərin, eləcə də müasir müəlliflərin qısa əsərlərini təqdim edəcəklər. Uşaqlar bu musiqi nömrələrinə daxil olacaq, orkestr ilə birgə ünsiyyət quracaq, hətta dirijorluq da edəcəklər. İfaçılar əsərlər arasında uşaqların suallarını cavablandıracaq, musiqi alətləri və yaradıcılıq prosesi barədə danışacaqlar. Bu, immersiv teatr formasında təqdim olunacaq.”

Nəhayət, dördüncü liman - Filarmoniyanın yaxınlığında, 6 nömrəli məktəbin qarşısındakı fəvvarəli açıq meydan olacaq.

“Yekun mərhələ üçün biz hətta şişmə hovuzlar və xüsusi yastıqlar da almışıq. Orada böyük kubiklər yerləşdiriləcək, uşaqlar bu səthlər üzərində strit-art sınayacaq, sulu əsaslı və silinən markerlərlə dənizlər və çaylarla bağlı təsvirlər yaradacaqlar. Burada Dövlət Kukla Teatrı ilə birgə xüsusi immersiv tamaşa təşkil olunacaq. Uşaqlar özləri ustad dərslərində düzəltdikləri kuklalarla çıxış edib nağıl danışacaqlar. Ən əsası isə dörd dənizə – Qara, Xəzər, Azov və Aral dənizlərinə xüsusi diqqət ayrılacaq. Hər biri öz xarakteri, tarixi və ekoloji problemi ilə təqdim olunacaq. Bütün bunlar assosiativ şəkildə göstəriləcək. Əminəm ki, bu proqram uşaqların yaddaşında uzun müddət qalacaq və onlar ətraf mühiti, yaradıcı insanları, musiqini, yaradıcılığın və ekologiyanın dünyanı qoruyan birləşdirici gücünü hər zaman xatırlayacaqlar.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti