Bakı. Trend:
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda böyük potensial mövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasına çevrilib.
Trend xəbər verir ki, bunu Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova bu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 5 ildə Qazaxıstan bu marşrut üzrə ticarət dövriyyəsini təxminən 6 dəfə artırıb:
"Keçən il marşrut üzrə dövriyyə 4,5 milyon dollar olub. Bu il isə həcmin daha da artırılması planlaşdırılır və ilin sonuna 5 milyon dollara çatdırılması nəzərdə tutulur".
Nazir müavini vurğulayıb ki, Qazaxıstan həmçinin rəqəmsal əməkdaşlıq və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirir:
"İT, süni intellekt və rəqəmsal platformaların inkişafı bu gün rəqabət qabiliyyətini artıran əsas amillərdəndir. İşgüzar səfərim zamanı çox maraqlı rəqəmsal məhsullarla tanış oldum və onları milli qanunvericiliyimizə tətbiq etməyi planlaşdırırıq. Rəqəmsal həllərlə françayzinq modellərinin birləşməsi böyük perspektivlər açır, ticarəti daha əlçatan, şəffaf və sürətli edir".
