...

COP29 çərçivəsində Parlament Görüşünün açılışı olub (FOTO) (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 16 Noyabr 2024 10:37 (UTC +04:00)
COP29 çərçivəsində Parlament Görüşünün açılışı olub (FOTO) (ƏLAVƏ EDİLİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşünün açılışı olub.

Trend xəbər verir ki, tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər. Ümumilikdə isə iki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq – cəmi 11 ay – COP29 Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək və gözləntilərini anlamaq üçün çox böyük işlər görüb.

"Amma qeyd etməliyəm ki, təəssüf ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib.

Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunu oynayıblar.

Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz.

Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla işə salınıb və bütün maraqlı tərəflərin cəlb edilməsi ilə öz işini davam etdirir", - o qeyd edib.

Milli Məclisin sədri əlavə edib ki, Parlament Yığıncağı Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindən irəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsidir, hərtərəfli yanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir.

"Davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələr əldə olunub. İnanıram ki, COP29-un prezidenti cənab Muxtar Babayev çıxışında bu məsələlərə toxunacaq. Qlobal iqlim səylərində parlamentlərimiz haradadır? Bizim rolumuz nədir? Deyim ki, bunlar ritorik suallar deyil. Onların cavabları var. Doğrudan da, biz millət vəkilləri xalqlarımızın nümayəndələri kimi onlarla gündəlik ünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onlar üzərində dağıdıcı təsirlərinin ilk şahidiyik", - o qeyd edib.

Əlavə olaraq COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək bildirib ki, Parlamentlər iqlim dəyişmələri problemlərinin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

M.Babayev bildirib ki, parlamentlər hər il büdcəni təsdiq edir, iqtisadi qanunlar qəbul edilir:

“Bu zaman siyasi və iqtisadi bariyerlər böyük problem ola bilər. Biz həm ədalətli, həm də ambisiyalı tədbirlərin şahidi olmalıyıq”.

Daha sonra Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Akson çıxış edərək bildirib ki, COP29 Azərbaycanın iqlim həllərini irəlilətmək səylərini əks etdirir.

“Biz, parlament üzvləri, COP29-un keçirilməsinə görə Bakıya dərin minnətdarlığımızı bildiririk. Bu tədbir Azərbaycanın iqlim həllərini irəlilətmək və iqlim fəaliyyətində qlobal əməkdaşlıq üçün yüksək standartlar müəyyən etmək səylərini əks etdirir. Eyni zamanda, biz Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkürümüzü ifadə edirik”, - deyə o bildirib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva öz növbəsində COP29-u yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanı təbrik edib.

O qeyd edib ki, iqlim dəyişikliyi prosesinin maliyyələşdirilməsi əsas məsələlərdən biridir.

“Parlamentlər arasında yüksək əlaqələr qurulmalıdır. Birgə araşdırmalara dəstək verməliyik, təcrübə mübadiləsi aparmalıyıq. Biz parlamentlər olaraq geniş müzakirələr aparmalıyıq”.

Əlavə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxış edərək vurğulayıb ki, iqlim fəaliyyətlərinin icrası tələb olunan sürətdən geri qalır.

"Parlamentlər vətəndaşların fikirlərini ifadə etmək üçün vacib bir kanal rolunu oynayır və onların dövlət siyasəti və fəaliyyətlərində əks olunmasını təmin edir. İqlim dəyişikliyi ilə mübarizə planetdəki bütün insanlar üçün ən aktual və təxirəsalınmaz məsələlərdən biridir.

Hakimiyyətdə olduğunuz zaman konkret addımları təşəbbüs edərək insanların həyatını dəyişən liderlərə çevrilə bilərsiniz”, - deyə o bildirib.

Parlament Görüşü panel müzakirələri ilə işini davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti