Bakı. Trend:
COP29 çərçivəsində keçirilən Parlament görüşünə 300-dən çox parlament üzvü qatılıb.
Trend xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Akson COP29 çərçivəsində IPU və Azərbaycan Milli Məclisi tərəfindən birgə təşkil edilən Parlament görüşündə deyib.
“Mənim üçün Parlamentlərarası İttifaqın prezidenti olaraq qarşınızda çıxış etmək böyük şərəf və məsuliyyətdir. Bu təşkilat parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, demokratik dəyərlərin qorunması və müasir dövrün mühüm çağırışlarının həlli üçün qlobal bir platformadır.
Xüsusilə ilhamverici olan məqam odur ki, bu görüşə 300-dən çox parlament üzvü qeydiyyatdan keçib. Bu, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ümumi öhdəliyimizin aydın təsdiqidir. Bu tədbir iqlim böhranının həlli üçün birgə parlament səylərinin və aktiv iştirakın gücünü nümayiş etdirir, dünyanın hər yerindən səsləri bir araya gətirərək, həll yollarını tapmağa çalışır”, - deyə T.Akson bildirib.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.