Bakı. Trend:
Qazaxıstan dövlət və ictimai xidmətlər sahəsində dayanıqlı inkişaf prinsiplərinin tətbiqi üçün ciddi səylər göstərir.
Trend xəbər verir ki, bunu Qazaxıstanın rəqəmsal inkişaf üzrə birinci vitse-naziri Kanış Tuleuşin “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.
“Hazırda bütün ölkələr istixana qazı emissiyalarının azaldılması və karbon neytrallığına nail olmaqla bağlı müəyyən hədəflərə çatmaq üçün səylər göstərir. Qazaxıstan da bu baxımdan istisna deyil. Biz dövlət və ictimai xidmətlər sahəsində dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, GovTech həllərinin hazırlanması və bu texnologiyaların digər ölkələrlə mübadiləsi istiqamətində ciddi səylər göstəririk.
Rəqəmsallaşmanın bu proseslərdə əsas rol oynadığına inanırıq. Bu istiqamətdə sənaye əsaslı “ağıllı şəhərlər” layihələri kimi müxtəlif texnologiyalar və layihələr inkişaf etdiririk. Özəl səviyyədə isə emissiyaların avtomatlaşdırılmış monitorinq sistemləri və “ağıllı” yataqlarda avtomatlaşdırılmış idarəetmə sistemləri hazırlayırıq. Digər ölkələrlə birgə hablar vasitəsilə bu texnologiyaları Qazaxıstan hüdudlarından kənara çıxarırıq.
Dövlət səviyyəsində isə GovTech çərçivəsində karbon emissiyalarına dair məlumatların izlənməsi və yoxlanılması, meşə yanğınlarının erkən aşkarlanması və digər texnologiyaların tətbiqi üçün blokçeyn əsaslı müxtəlif texnologiyalar hazırlayırıq. Bu texnologiyaları açıq şəkildə digər ölkələrlə paylaşırıq. Hesab edirik ki, bu, yeni beynəlxalq standartların yaradılmasına töhfə verəcək və bu qlobal məsələnin öhdəsindən gəlməyə kömək edəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.