Bakı. Trend:
COP29 Azərbaycanın iqlim həllərini irəlilətmək səylərini əks etdirir.
Trend xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Akson COP29 çərçivəsində IPU və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən birgə təşkil edilən Parlament görüşündə deyib.
“Biz, parlament üzvləri, COP29-un keçirilməsinə görə Bakıya dərin minnətdarlığımızı bildiririk. Bu tədbir Azərbaycanın iqlim həllərini irəlilətmək və iqlim fəaliyyətində qlobal əməkdaşlıq üçün yüksək standartlar müəyyən etmək səylərini əks etdirir. Eyni zamanda, biz Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkürümüzü ifadə edirik”, - deyə o bildirib.
Tuliya Akson qeyd edib ki, COP29-da qəbul edilən qərarlar gələcək nəsillərin həyatını müəyyən edəcək.
“Burada COP29 çərçivəsində toplaşaraq, qəbul etməliyik ki, hazırda planetin hər on birinci sakini, təxminən 733 milyon insan aclıqdan əziyyət çəkir. Bu, iqlim dəyişikliyinin qaçılmaz nəticələri ilə daha da ağırlaşan bir böhrandır. Biz o həddə çatmışıq ki, ambisiyalar real fəaliyyətə, sözlər isə həqiqi dəyişikliklərə çevrilməlidir”, - deyə IPU prezidenti vurğulayıb.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.