...

COP for Hope: İqlim dəyişikliyinə qarşı mübarizədə daha yaxşı qarşılıqlı əlaqə qurmalıyıq - UNESCO rəsmisi (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 12:24 (UTC +04:00)
COP for Hope: İqlim dəyişikliyinə qarşı mübarizədə daha yaxşı qarşılıqlı əlaqə qurmalıyıq - UNESCO rəsmisi (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosdur.

O, Trend-ə açıqlamasında bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün daha yaxşı qarşılıqlı əlaqə qurulmalıdır.

Qabriela Ramos COP29-da maliyyələşməni razılaşdırmaq üçün çox vacib nailiyyətlərin əldə edildiyini bildirib:

"Bundan əvvəlki konfranslarda maliyyə ilə bağlı razılıqlara yaxınlaşılsa da, razılıq əldə olunmamışdı. Əsas mesajım odur ki, təslim olmadan birlikdə dünya naminə əlimizdən gələnin ən yaxşısını edək. Çünki buna, həqiqətən də, dünyanın, bəşəriyyətin ehtiyacı var. Bizim tərəflərin öhdəliklərinə, onların bərabər məsuliyyət daşımasına ehtiyacımız var. İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün daha yaxşı qarşılıqlı əlaqə qurmalıyıq".

"Mən COP29-dan çox yaxşı nəticələrin əldə olunmasını səbirsizliklə gözləyirəm. Anlayıram ki, müzakirələr iqlimin maliyyələşdirilməsi ilə bağlıdır. Məncə, bu, çox vacib elementdir. Bizə çox iddialı nəticələr lazımdır. Buna görə də ümid edirəm ki, iştirakçı ölkələr və bütün maraqlı tərəflər bizə lazım olan missiyanın yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklər. Hər kəsin tələb olunan maliyyəni təmin etməkdə davam etməsi çox vacibdir. Azərbaycan hökumətinə bu çox mühüm konfransa ev sahibliyi üçün təşəkkür edir və uğurlar arzulayıram", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti