Bakı. Trend:
COP29 çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatı mövzusunda tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan və BMT təsisatlarının nümayəndələri iştirak edir.
Tədbir zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxış edərək bildirib ki, bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda, bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir.
O qeyd edib ki, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimiz ətraf mühitlə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür:
“Ətraf mühit sahəsində qlobal ekoloji problemlərin həllində fəal iştirak edən Azərbaycan 20-dən çox ekoloji konvensiyalara və sazişlərə qoşulub.
Ətraf mühitin mühafizəsi sahəsində əsas missiya insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir”.
Nazir müavini əlavə edib ki, dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir.
O qeyd edib ki, Dövlət Su Komissiyası çərçivəsində su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azadılması, yeni su mənbələrinin yaradılması, uçotun təkmilləşdirilməsi, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.
“Prezident İlham Əliyevin 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur".
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının məsul katibi Tatyana Molkean çıxış edərək qeyd edib ki, Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayırlar.
"Bizim üçün ən dəyərli resurs insandır. Xüsusilə iqlim dəyişikliyi məqsədlərinə nail olunmasına töhfə verən ölkələrin sayının artması biomüxtəlifliyin qorunmasında da rol oynayır. Yeni kənd təsərrüfatı formasında biz davamlı kənd təsərrüfatının inkişafına kömək etməyə necə nail ola biləcəyimizi görəcəyik.
Biz, həmçinin, tullantıların idarə olunması mərkəzi yaratmışıq və hava keyfiyyətinin monitorinqinə böyük diqqət yetiririk. Xüsusilə yüksək qiymətləndirdiyim nailiyyətlərdən biri Yaşıl Təbii Xəstəxanaların yaradılmasıdır”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.