Bakış Trend:
Dünya artıq orta temperaturun, fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır. Ölkələr və icmalar uyğunlaşma həlləri kimi erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyata keçirməlidir.
Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, erkən xəbərdarlıq sistemlərinin uğurlu yaradılması təkcə hökumətlərdən deyil, həm də yerli icmalar, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlar daxil olmaqla, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti və digər müvafiq aktorların fəal və davamlı cəlb edilməsindən, habelə biliyin səmərəli idarə edilməsindən asılıdır:
"Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalı və onları rəhbər tutmalıdır. Paris Sazişinə əsasən, Adaptasiya üzrə Qlobal Məqsəd müəyyən edilib. İkiillik iş proqramının başa çatmasından sonra, COP28-də tərəflər BƏƏ Konsensusunun bir hissəsi olaraq Qlobal İqlim Dayanıqlığı üzrə BƏƏ Çərçivəsini qəbul etdilər.
Həmin çərçivə iqlimə uyğunlaşma və dayanıqlıq üçün bir sıra hədəfləri ehtiva edir və erkən xəbərdarlıq sistemləri kimi uyğunlaşma tədbirlərinin daha çox həyata keçirilməsi üçün platforma təmin edir".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.