Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz "People Empowering People (PEP) Africa" beynəlxalq təşəbbüsünün nümayəndəsi Melvin Vaciridir.
O,
Trend-ə açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrin
maliyyə məsələsində qətiyyətli addımlar atacağına ümid edirlər.
Melvin Vaciri Bakıda olmaqdan məmnun olduğunu bildirib:
"Bakı gözəl şəhərdir. Zəngin tarixə və cazibədar memarlıq üslubuna malikdir. Burada insanlar çox mehribandır. Bakı Qərb və Cənub ölkələrinin nümayəndələrinə qapı açıb və burada iqlim dəyişmələri ilə bağlı olduqca önəmli məsələlərin müzakirəsinə imkan yaradıb. Buna görə də rəsmi Bakıya təşəkkürümü bildirmək istəyirəm".
"COP29-la bağlı əsas mesajım odur ki, biz ətraf mühitlə dost olmalıyıq. Canlıları və ümumilikdə dünyamızı iqlim dəyişikliyinin qurbanına çevirməməli, əlimizdən gələnin ən yaxşısını etməliyik. Burada üzv dövlətlərin üzərlərinə düşən öhdəlikləri yerinə yetirmələri də vacibdir. Xüsusən də inkişaf etmiş ölkələrin maliyyə məsələsində qətiyyətli addımlar atacağına ümid edirik", - M. Vaciri qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.