Bakı. Trend:
Yaşıl İqlim Fondu ən həssas ölkələr üçün erkən xəbərdarlıq sistemlərinə investisiya edir.
Trend xəbər verir ki, bunu Yaşıl İqlim Fondunun (GCF) baş investisiya direktoru Henri Qonzales "Dayanıqlığın artırılması üçün iqlim məlumatı sistemlərinin və çoxprofilli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə bildirib.
H.Qonzalesin sözlərinə görə, 2015-ci ildən Yaşıl İqlim Fondu erkən xəbərdarlıq sistemlərinin yaradılması istiqamətində səyləri fəal şəkildə dəstəkləyir və bu günə qədər bu komponenti əhatə edən 97 layihə təsdiq edilib. Bu layihələrin ümumi dəyəri 2024-cü il üçün 3,6 milyard ABŞ dollarıdır. Fond, o cümlədən, Azərbaycanda BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq edərək layihələr həyata keçirir.
“Biz UNEP ilə tərəfdaşlıqdan qürur duyuruq və burada, COP29 çərçivəsində, fondun Azərbaycandakı ilk layihəsini təqdim etməkdən məmnunuq. Bu layihə hər kəs üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Qonzales vurğulayıb.
O əlavə edib ki, Yaşıl İqlim Fondu ən həssas ölkələri, o cümlədən, ən az inkişaf etmiş ölkələri (LDC) və Afrika dövlətlərini dəstəkləyir. Fondun əsas səyləri bu regionlarda erkən xəbərdarlıq infrastrukturlarını təkmilləşdirməyə yönəlib.
“Erkən xəbərdarlıq layihələrimizə ayrılan resursların 38 faizi Afrikaya, 35 faizi Asiya-Sakit okean regionuna, 20 faizi Latın Amerikasına, 7 faizi isə Şərqi Avropa və Mərkəzi Asiyaya yönəlib”, - deyə H.Qonzales bildirib.
O vurğulayıb ki, Yaşıl İqlim Fondu iqlim proqnozları və xəbərdarlıqların təkmilləşdirilməsi üçün texnologiya və elm sahəsində innovativ həllərin tətbiqi üzərində də fəal işləyir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.