Bakı. Trend:
Bakıda COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə "Qlobal iqlim maliyyələşdirməsi arxitekturasının müzakirəsi: resursların səfərbər edilməsi və iqlim maliyyəsi vasitələrinə çıxışın sadələşdirilməsi" mövzusunda sessiya keçirilib.
Trend xəbər verir ki, sessiya çərçivəsində iqlim maliyyələşdirməsi həcmlərinin artırılması və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu maliyyə mənbələrinə çıxışın təmin edilməsi üçün parlamentlərin səyləri müzakirə olunub.
Müzakirələr zamanı qlobal iqlim maliyyələşdirmə sistemindəki əsas dəyişikliklər, o cümlədən, zərərin kompensasiyası Fondu və Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) kimi COP29-un əsas mövzularından biri nəzərdən keçirilib.
Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin parlamentləri bu mühüm maliyyə mexanizmlərinə dəstək vermək üçün resursların səfərbər edilməsini və düzgün bölgüsünü sürətləndirmək məqsədilə hansı yollarla töhfə verə biləcəklərini müzakirə etmək imkanı əldə ediblər.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Finlandiya parlamentinin üzvü Krista Mikkonen deyib ki, yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə tələb olunur.
"Yaşıl keçidi sürətləndirmək üçün bizə daha çox maliyyə lazımdır. Nə qədər təxirə salsaq, bir o qədər çətinləşir. İqtisadiyyatın mühüm hissələrini itirmək riskimiz var. Biz bilirik ki, ölkələrin böyük imkanları var və daha zəngin ölkələr az inkişaf etmiş ölkələrə kömək etməlidir. Lakin bu, inkişaf etməkdə olan iqtisadiyyatların öz öhdəliklərindən yayınması üçün bəhanə deyil", - o bildirib.
Mikkonenin sözlərinə görə, 1990-cı illərdə daha az inkişaf etmiş hesab edilən ölkələrin bir çoxu hazırda güclü və inkişaf edən iqtisadiyyatlara malikdir və onlar da emissiyalarını azaltmalıdır.
"Bu, bütün G20 ölkələrinə və bütün Aİ ölkələrinə aiddir. İqlim təhlükəsinə gəldikdə, böyük məbləğdə pul tələb olunur. Bu, o deməkdir ki, bizə təkcə dövlətin maliyyəsi deyil, həm də özəl sektorun vəsaitlərinin səfərbər edilməsi lazımdır", - o bildirib.
BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi Mahmoud Mohieldin qeyd edib ki, milli və beynəlxalq inkişaf banklarının idarəçiliyini təkmilləşdirmək üçün investisiya lazımdır.
"Ehtiyacı olan ölkələrdə alıcılara vəsaitlərin qəbulu prosesinin həddən artıq uzun sürməsi faktını məlumatlar da təsdiq edir: bəzi çoxtərəfli maliyyə institutlarında bu proses 30 aydan, yəni iki ildən çox vaxt aparır.
Dünya Bankının prezidenti keçən il Mərakeşdə keçirdiyi illik toplantılarda cəsarət nümayiş etdirərək demişdi ki, əksər hallarda bir dolların qurumu tərk edib hədəfinə çatması üçün 27 aydan çox vaxt lazımdır. Bu, idarəetmənin təkmilləşdirilməsinə və maliyyə axınlarını daha effektiv şəkildə istiqamətləndirmək üçün milli və beynəlxalq inkişaf banklarının potensialının gücləndirilməsinə investisiya ehtiyacını vurğulayır", - o bildirib.
Sessiya işini yekunlaşdırıb.