Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Qırğızıstan Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət üzrə nazir müavini Asel Raimkulovadır.
Asel Raimkulova Trend-ə özəl COP29-un Qırğızıstanın dağlıq bölgələrinin dayanıqlı inkişafına diqqət cəlb etmək üçün mühüm bir tədbir olduğunu vurğulayıb.
“Qırğızıstan COP29-u fəal şəkildə dəstəkləyir. Bizim dağlıq bölgələrin inkişafına dair öz gündəliyimiz var. Sammitdə Qırğızıstan pavilyonu dağlıq ərazilərin dayanıqlı inkişafına həsr olunub”, - deyə o bildirib.
Onun sözlərinə görə, Qırğızıstan iqlim dəyişikliklərinin təsirlərinə qarşı yüksək həssaslığa malik bir ölkədir və bu təsirlər xüsusilə dağlıq bölgələrdə daha kəskin hiss olunur. Raimkulova ümidvar olduğunu bildirib ki, COP29-un nəticələrinə əsasən, dağlıq ölkələrin, o cümlədən, biomüxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi kimi problemlərinə daha çox diqqət yetiriləcək.
“İqlim dəyişikliyi dağlıq ölkələrin ekosistemlərinə ciddi təsir göstərir və fövqəladə halların riskini artırır. Buna görə də ətraf mühitin qorunması bizim əsas vəzifələrimizdən biridir”, - deyə A.Raimkulova qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.