Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Pakistan nümayəndə heyətinin üzvü Heydər Rza Xandır.
O, Trend-ə açıqlamasında bildirib ki, Paris Sazişinin bəndlərinin hərtərəfli və sürətlə həyata keçiriləcəyinə ümid edir.
Heydər Rza Xan xüsusən iqlim maliyyəsi ilə bağlı Bakıda əldə edilən razılaşmaların çox tez bir zamanda icra ediləcəyinə ümid etdiyini bildirib:
"Üzv ölkələrin qətiyyətli öhdəliklərini yerinə yetirəcəklərini gözləyirik. Azərbaycan COP29-a çox möhtəşəm şəkildə ev sahibliyi edir. Burada xüsusən də könüllülərin fəaliyyətini qeyd etməliyəm. Onlar jest və mimikaları ilə insanları elə istiqamətləndirirlər ki, bu, çox heyrətamizdir.
Bakı çox gözəl şəhərdir. Burada qızlar, oğlanlar, böyüklər çox gözəl gülümsəyirlər və mən burada çox xoşbəxtəm. Onlar çox ünsiyyətcil və sevimli insanlardır. Bakının mətbəxinə isə söz ola bilməz. Olduqca zəngin və dadlı yeməkləriniz var".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.