...

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Materials 16 Noyabr 2024 10:32 (UTC +04:00)
COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində “Sağlamlığa Xidmət” İctimai birliyi və Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilə noyabrın 16-da iqlim dəyişmələrinin sağlamlığa təsiri, o cümlədən antimikrobial rezistentlik mövzusunda yüksək səviyyəli müzakirə keçirilib.

Trend xəbər verir ki, tədbirdə Kamerundan olan deputat Nqayap Pier Flambe, Kenya parlamentinin deputatı Stefen Myul, Zambiya parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər.

Məruzəçilər iqlim dəyişmələrinin qlobal sağlamlıq üçün ciddi təhdidlər və yeni sağlamlıq riskləri yaratdığını vurğulayıblar.

Bildirilib ki, ekstremal hava hadisələrinin artan tezliyi və intensivliyi, temperaturun artması insanların sağlamlığına və rifahına birbaşa təsir göstərir.

Qeyd olunub ki, iqlim dəyişmələri ekosistemləri pozur, yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova, Qazaxıstan, Qırğızıstan və Hindistandan ekspertlər sözügedən mövzuda auditoriyanın suallarını cavablandırıblar.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti