Bakı. Trend:
Gələn həftə üçün Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) dair dəqiq və düşünülmüş planımız var ki, prosesi bütün əsas mandatlar üzrə istiqamətləndirək.
Trend xəbər verir ki, bunu COP29-un Baş danışıqçısının müavini Samir Becanov COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Danışıqlar qeyri-bərabər şəkildə keçir və bu, iş prosesinin normal tempidir. Adətən, belə olur. Artıq qeyd etdiyim kimi, biz sədr heyəti olaraq ədalətli və iddialı nəticəyə nail olmağa çalışırıq. Gələn həftə üçün prosesin bütün əsas mandatlar üzrə istiqamətləndirilməsi üçün dəqiq və düşünülmüş planımız var. Fürsətdən istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, bu, kollektiv nailiyyət olacaq.
Biz, sədr heyəti olaraq, öz işimizi görəcəyik. İlin əvvəlindən bu yana tərəflər üçün qarşılıqlı əlaqə imkanları və məkanlar yaratmaqla bunu edirdik. Lakin tərəflər çeviklik və konstruktiv yanaşma nümayiş etdirməlidirlər. Onlar belə bir ruhla birlikdə çalışmalıdırlar ki, biz prosesi uğurlu nəticəyə yönəldə bilək. Bu barədə heç bir şübhəm yoxdur”, - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.