Bakı. Trend:
Bu ilin ilk səkkiz ayının nəticələrinə əsasən, Rusiya və Əlcəzair Avropa İttifaqı ölkələrinə qaz tədarükündə payının artım tempinə görə lider olublar.
Trend Aİ Statistika Xidmətinin (Eurostat) məlumatlarına istinadla xəbər verir ki, Avropa qaz idxalının strukturunda Rusiyanın payı yanvar-avqust aylarında 4,6 faiz bəndi artaraq 18,3 faizə, Əlcəzairin payı isə 4,9 faiz bəndi artaraq 21,3 faizə çatıb. Həmin ölkələr eyni zamanda, Avropanın enerji bazarına yanacaq tədarükünün ən aşağı sürətini nümayiş etdiriblər. Yanvar ayından bəri Rusiyanın ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz, Əlcəzairin ixracı 24 faiz geriləyib.
Müqayisə üçün qeyd edək ki, bu yanacaq növünün bütün əsas təchizatçılarından Avropaya qaz tədarükünün həcmi daha çox azalıb. Qətərdən ixracda 2,8 dəfə, Böyük Britaniyadan 2,5 dəfə, Nigeriyadan 2 dəfə, ABŞ-dan 1,8 dəfə, Norveçdən ixracda 1,7 dəfə azalma baş verib. Ekspertlər buna əsas səbəb kimi Aİ-də sənaye istehsalının kəskin azalmasını göstərirlər. 2022-ci ilin martından 2024-cü ilin avqustuna qədər həmin göstərici 21 faiz aşağı düşüb. Bunun fonunda Aİ yanvar-avqust aylarında qaz idxalını 1,7 dəfə (pul ifadəsində 49,2 milyard avro) azaldıb.
Mediada yayılan məlumatlara görə, Rusiya qazının Aİ-yə boru kəməri ilə nəqli 17 faiz artıb. 2024-cü ilin doqquz ayında ixracın həcmi ümumilikdə 23,7 milyard kubmetr təşkil edib. Əsas tədarük marşrutu “Türk axını” boru kəməri olub – 27 faiz artımla 12,2 milyard kubmetr. Hesabat dövründə Ukrayna ərazisi ilə ixrac isə 7 faiz artaraq 11,5 milyard kubmetrə çatıb.