Bakı. Trend:
COP29 çərçivəsində "Yaşıl Rəqəmsal Fəaliyyət" mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.
Trend xəbər verir ki, COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynayır.
“Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynayır. Onlar iqlimin monitorinqi, erkən xəbərdarlıq sistemləri, enerji səmərəliliyinin artırılması və dövri iqtisadiyyat prinsiplərinin təşviqi üçün güclü vasitələr təqdim edir.
Eyni zamanda, rəqəmsal alətlərin geniş yayılması ilə onların ekoloji təsirlərini də nəzərə almalıyıq. Bu, enerji istehlakının artması, tullantıların çoxalması və elektron tullantılar problemini əhatə edir.
Dünya Bankının məlumatına görə, hazırda informasiya-kommunikasiya texnologiyaları sektoru qlobal tullantıların təxminən 4 faizinə cavabdehdir. Biz bu təsiri minimuma endirmək üçün hərəkətə keçməliyik”, - deyə M. Babayev vurğulayıb.
Daha sonra COP29-un prezidenti əlavə edib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyi tərəfindən irəli sürülən “Yaşıl Rəqəmsal Fəaliyyət” bəyannaməsi fəaliyyətə çağırışdır.
“Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyi tərəfindən irəli sürülən “Yaşıl Rəqəmsal Fəaliyyət” bəyannaməsi fəaliyyətə çağırışdır. Bu sənəd iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal texnologiyalardan istifadə etməklə onların dayanıqlı və aşağı karbonlu olmasını təmin etmək üçün kollektiv öhdəliyimizi əks etdirir.
Bu, əməkdaşlıq məsələsidir. Hökumətlər, biznes, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar birgə çalışaraq, iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən rəqəmsal həlləri tətbiq etməlidir”, – deyə o bildirilib.
Əlavə olaraq Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, rəqəmsal texnologiyalar 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda, xüsusilə iqlimin monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim dəyişikliyinə davamlılığın artırılması sahələrində əsas rol oynayır.
“Məlumatlardan, süni intellektdən və digər rəqəmsal alətlərdən istifadə etmək qabiliyyəti, iqlim dəyişikliyinə uyğunlaşma və onun nəticələrinin yumşaldılması üçün misilsiz imkanlar yaradır. Lakin bu imkanlar rəqəmsal transformasiyamızın yalnız dayanıqlı deyil, həm də inklüziv olmasını təmin etmək məsuliyyətini də bizim üzərimizə qoyur. Məhz bu səbəbdən biz bu gün burada toplaşmışıq.
Bildiyimiz kimi, məlumatların emalına, süni intellektə və əlaqənin artırılmasına artan tələbat enerji istehlakının, materialların istifadəsinin və elektron tullantıların artması ilə müşayiət olunur”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, 2030-cu ilə qədər informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun tullantıları qlobal səviyyənin 8 faizinə çata bilər:
“Qiymətləndirmələrə görə, İKT sektoru qlobal tullantıların 1,5 faizindən 4 faizinə qədərini təşkil edir. Təkcə məlumat mərkəzləri dünya üzrə elektrik enerjisinin təxminən 1 faizini istehlak edir.
Tədqiqatlar göstərir ki, 2030-cu ilə qədər İKT sektorunun tullantıları qlobal səviyyənin 8 faizinə çata bilər. Bu çağırışlara cavab olaraq, bir çox ölkələr məlumat mərkəzlərini optimallaşdıraraq, enerjinin idarə edilməsi və innovativ soyutma texnologiyaları vasitəsilə enerji istehlakını 40 faizədək azaldıb. “Yaşıl Rəqəmsal Fəaliyyət” təşəbbüsü rəqəmsal inkişafı iqlim tədbirləri ilə uyğunlaşdırmaq üçün mühüm bir addımdır”.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.