...

Parlament üzvləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşıyır - IPU prezidenti

Siyasət Materials 16 Noyabr 2024 11:20 (UTC +04:00)
Parlament üzvləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşıyır - IPU prezidenti
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Parlament üzvləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşıyır.

Trend xəbər verir ki, bunu şənbə günü Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Akson COP29 çərçivəsində IPU və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən birgə təşkil edilən Parlament görüşündə deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

“Parlament üzvləri iqlim dəyişikliyi ilə mübarizədə, xüsusilə iqlim fəaliyyətlərinin kritik mərhələsində beynəlxalq razılaşmaları milli səviyyədə həyata keçirmək üçün böyük məsuliyyət daşıyırlar. Qanunvericilik hazırlamaq və nəzarət etmək səlahiyyətlərinə malik olaraq, biz iqlim siyasəti və qanunlarının iddialılığını, praktiklik və icra olunmasını təmin edirik.

Biz hökumətlərin fəaliyyətinə nəzarət etmək, resursların səmərəli bölüşdürülməsini təmin etmək və ictimai dəstək mobilizasiyası üçün unikal mövqedəyik, iqlim tədbirlərini hər səviyyədə prioritetə çevirməliyik. COP29 ortaq iqlim hədəflərimizə nail olmaq üçün zəruri istiqamətləri irəlilətməkdə mühüm rol oynayır”, - deyə o bildirib.

IPU prezidentinin sözlərinə görə, yeni iqlim maliyyələşdirilməsi öhdəlikləri, milli iddiaların artırılması və uyğunlaşma, itkilər və zərərlər sahəsindəki mühüm addımlar xüsusi əhəmiyyət kəsb edir.

“COP28-in impulsundan istifadə edərək, bu ambisiyaların həyata keçirilməsinə keçirik. Bu parlament görüşünün diqqət mərkəzi qarşımızda duran çağırışların dərinliyini və mürəkkəbliyini nümayiş etdirir, lakin biz onları qəbul etməyə hazır olmalıyıq”, - deyə T. Akson vurğulayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti