...

Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda əsas rol oynayır - Rəşad Nəbiyev

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 09:33 (UTC +04:00)
Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda əsas rol oynayır - Rəşad Nəbiyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda, xüsusilə iqlimin monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim dəyişikliyinə davamlılığın artırılması sahələrində əsas rol oynayır.

Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

“Məlumatlardan, süni intellektdən və digər rəqəmsal alətlərdən istifadə etmək qabiliyyəti, iqlim dəyişikliyinə uyğunlaşma və onun nəticələrinin yumşaldılması üçün misilsiz imkanlar yaradır. Lakin bu imkanlar rəqəmsal transformasiyamızın yalnız dayanıqlı deyil, həm də inklüziv olmasını təmin etmək məsuliyyətini də bizim üzərimizə qoyur. Məhz bu səbəbdən biz bu gün burada toplaşmışıq.

Bildiyimiz kimi, məlumatların emalına, süni intellektə və əlaqənin artırılmasına artan tələbat enerji istehlakının, materialların istifadəsinin və elektron tullantıların artması ilə müşayiət olunur”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti