...

İstixana qazlarının emissiyalarını azaltma strategiyalarına süni intellekt və rəqəmsal texnologiyaların inteqrasiyası zəruridir - UNEP

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 11:16 (UTC +04:00)
İstixana qazlarının emissiyalarını azaltma strategiyalarına süni intellekt və rəqəmsal texnologiyaların inteqrasiyası zəruridir - UNEP
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İstixana qazlarının emissiyalarını azaltma strategiyalarına süni intellekt və rəqəmsal texnologiyaların inteqrasiyası zəruridir.

Trend xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

“Təəssüf ki, biz qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq və hətta 2 dərəcədən aşağı saxlamaq hədəflərimizə doğru irəliləməkdə çətinlik çəkirik.

Keçən il karbon qazı emissiyalarına baxsaq, onların 1,3 faiz artdığını görərik, halbuki bu rəqəmlərin iki rəqəmli şəkildə azalması lazım idi.

Hazırda hər il 57,1 giqaton səviyyəsində emissiya qeydə alırıq. Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün 700 giqatonluq limitə qədər çox az vaxtımız qalıb. Fizika qanunlarına əsasən, bu hədd qaçılmazdır. Bu, o deməkdir ki, bizim həlledici addımlar atmaq və mövcud trayektoriyanı dəyişmək üçün dörd ildən az vaxtımız var.

Bu səbəbdən bütün mövcud vasitələrdən istifadə etmək həyati əhəmiyyət daşıyır və bu vasitələrə rəqəmsal texnologiyalar tam şəkildə daxildir. Süni intellekt və rəqəmsal texnologiyaları emissiyaların azaldılması üzrə strategiyalarımıza inteqrasiya etməliyik — bu, həyati əhəmiyyət kəsb edir,” - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti