...

Gənclər iqlim problemlərinin həllində fəal iştirakçı olmalıdır - Leyla Həsənova

İqtisadiyyat Materials 16 Noyabr 2024 11:10 (UTC +04:00)
Gənclər iqlim problemlərinin həllində fəal iştirakçı olmalıdır - Leyla Həsənova
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər iqlim problemlərinin həllində fəal iştirakçı olmalıdır.

Trend xəbər verir ki, bunu Azərbaycanın COP29 İqlim üzrə gənclər çempionu Leyla Həsənova “Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs) iqlim dəyişikliyinə davamlılığın artırılması və dayanıqlı inkişafa töhfə: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.

“Gənclər dayanıqlı inkişaf üçün innovativ həllərin mənbəyinə çevrilə bilər. Biz gənclər üçün imkanlar yaratmalıyıq ki, onlar daha "yaşıl" gələcək qursunlar. Müxtəlif proqramlar, müsabiqələr və ustad dərsləri inkişaf etdirməliyik ki, uşaqlar və gənclər üçün dayanıqlı icmalar yaratmaq sahəsində bərabər imkanlar təmin edək”, - deyə o bildirib.

Leyla Həsənova gənclərin dayanıqlı və aktual iqlim həllərinin hazırlanmasında güclü dəstəklənməsinin vacibliyini vurğulayıb.

“Gənclərin dəstəklənməsi inkişafımızı və əməkdaşlığımızı gücləndirmək üçün həm iqtisadi cəhətdən səmərəli, həm də həyati əhəmiyyət daşıyan bir vasitədir. Biz onların fikirlərini nəzərə alaraq, gələcəyimiz üçün innovativ, təsirli və dayanıqlı həllər tapmalıyıq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, uşaqlar və gənclər iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən qruplardır ki, bu da onların təhsil, sağlamlıq və təhlükəsizlik imkanlarını çətinləşdirir. İnnovativ və dayanıqlı layihələrə ehtiyac var ki, bu layihələr bütün ölkələrdə yeni dayanıqlılıq normasının yaradılmasına töhfə versin və heç kəs kənarda qalmasın.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti