Bakı. Trend:
Dünən UNEP tərəfdaşları ilə birlikdə "Eye on Methane" məlumat platformasını istifadəyə verib.
Trend xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.
“UNEP-də biz böyük məlumatlar, süni intellekt və peyk təsvirləri ilə işləyən rəqəmsal transformasiya proqramımızla qürur duyuruq. Məsələn, dünən tərəfdaşlarımızla birlikdə "Eye on Methane" məlumat platformasını istifadəyə verdik. Bu platforma peyk məlumatlarına əsaslanır.
Əgər platformaya daxil olub "Google AI" funksiyasını istifadə etsəniz, metan emissiyalarının mənbələrini və onların dəqiq yerlərini görə bilərsiniz. Biz bu emissiyalar haqqında şirkətlərə bildirişlər göndəririk ki, onlar düzəliş tədbirləri görə bilsinlər. Bu, Beynəlxalq Metan Emissiyaları Observatoriyası vasitəsilə həyata keçirilir. Burada biz peyk təsvirlərindən, qabaqcıl süni intellekt texnologiyalarından və məlumatların qarşılıqlı analizindən istifadə edərək, belə məlumatları vaxtında çatdırırıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.