Bakı. Trend:
Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda, bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir.
Trend xəbər verir ki, bu barədə COP29 çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyası tərərfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimiz ətraf mühitlə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür:
“Ətraf mühit sahəsində qlobal ekoloji problemlərin həllində fəal iştirak edən Azərbaycan 20-dən çox ekoloji konvensiyalara və sazişlərə qoşulub.
Ətraf mühitin mühafizəsi sahəsində əsas missiya insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir”.
Nazir müavini qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır.
“Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir.
Son onilliklərdə iqlim dəyişmələrinin təsirindən təbii fəlakətlər və ekstremal hadisələr daha tez-tez baş verir. Təhlükəli hidrometeoroloji hadisələrə hazırlığı gücləndirilmək, proqnoz və erkən xəbərdarlıq sistemini təkmilləşdirilmək məqsədilə dövlət investisiyası çərçivəsində hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi işləri uğurla davam etdirilir”, - deyə o bildirib.
V.Kərimov həmçinin əlavə edib ki, 2027-ci ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 33%-ə çatdırılması nəzərdə tutulub. Hazırda bu göstərici 17 faizdir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.