Bakı. Trend:
Azərbaycanda "yaşıl" texnologiyalara keçid elektron hökumət platforması vasitəsilə həyata keçirilir, bu da dövlət xidmətlərini daha səmərəli, əlçatan və ekoloji cəhətdən təmiz edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.
“Azərbaycan tərəfdaşlarımızla birlikdə “yaşıl” rəqəmsal fəaliyyətlərə dair çoxtərəfli təşəbbüsə töhfə verdiyinə görə qürur duyur. Bizdə transformasiya elektron hökumət platforması vasitəsilə baş verir ki, bu da dövlət xidmətlərini daha səmərəli, əlçatan və ekoloji cəhətdən təmiz edir.
Tam rəqəmsal hökumətə keçid artıq başlayıb və bir sıra əsas həyat prosesləri tamamilə rəqəmsallaşdırılıb. Bu keçid çərçivəsində biz dövlət qurumları arasında rəqəmsal sənədlərin mübadiləsi üçün müasir sistemi tətbiq etmişik ki, bu da kağız istifadəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan verib”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, gündəlik təxminən 1,5 milyon tranzaksiyanı emal edən “Rəqəmsal Körpü” təşəbbüsü sayəsində ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub.
“Bundan əlavə, Azərbaycan quraqlıq, səhralaşma və su ehtiyatlarının idarə edilməsi kimi ekoloji dəyişiklikləri monitorinq etmək üçün peyk müşahidələrindən aktiv şəkildə istifadə edir. Peyklərimiz iqlim dəyişikliyinə uyğunlaşmağa və vaxtında əsaslandırılmış qərarlar qəbul etməyə kömək edən vacib məlumatlar təqdim edir. Rəqəmsal transformasiyada əsas rol oynayan telekommunikasiya sektoru da ətraf mühitə əhəmiyyətli təsir göstərir.
Biz xüsusilə ucqar bölgələrdə telekommunikasiya infrastrukturunun bərpa olunan enerji mənbələrinə investisiya qoymaqla qlobal səyləri dəstəkləyirik. Məsələn, günəş enerjisi ilə işləyən baza stansiyalarımız vaxtın 60 faizindən çoxunu bərpa olunan enerjidən istifadə edir ki, bu da enerji istehlakını və tullantıları əhəmiyyətli dərəcədə azaldır”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.