Bakı. Trend:
Azərbaycan öz Milli Səviyyədə Müəyyən Olunmuş Töhfəsinin (NDC) hazırlanmasının son mərhələsindədir.
Trend xəbər verir ki, bunu COP29 baş danışıqçısının müavini Samir Becanov COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) Paris Sazişinin əsasını təşkil edir. Sədrliyimiz çərçivəsində cari il üçün ümumi plan hazırlayarkən, iddiaların artırılması və fəaliyyətlərin dəstəklənməsi istiqamətində NDC-ləri Gücləndirilmiş İddialar Sütununun əsas elementlərindən biri kimi qeyd etdik.
Bu aylar ərzində biz COP29-un sədr heyəti olaraq, həmçinin, COP28-in BƏƏ-dən olan sədr heyəti və COP30-un gələcək sədr heyəti – Braziliya ilə birlikdə tərəflər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək bu prosesi dəstəkləmişik.
Bildiyiniz kimi, NDC-lərin təqdim olunması üçün son tarix 2025-ci ilin fevral ayına təyin edilib və biz bütün tərəfləri öz NDC-lərini təqdim etməyə bir daha çağırırıq. Biz, COP29-un sədr heyəti olaraq, öz NDC-mizin hazırlanmasının son mərhələsindəyik.
Qeyd etmək lazımdır ki, NDC-nin hazırlanması çox mürəkkəb, çoxsektorlu bir prosesdir və bu prosesdə bir çox nazirlik və maraqlı tərəflər iştirak edir. Bizim fikrimizcə, təqdimat üçün müəyyən edilmiş tarixlərdən əlavə, nəzərə alınmalı olan digər mühüm aspekt NDC-lərin keyfiyyətidir”, - deyə Becanov bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.