...

COP29-da iştirakıma "Green Digital Action" təşəbbüsünü dəstəkləməklə başlamaqdan məmnunam - UNESCO-nun Baş direktorunun müavini (FOTO)

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 17:20 (UTC +04:00)
COP29-da iştirakıma "Green Digital Action" təşəbbüsünü dəstəkləməklə başlamaqdan məmnunam - UNESCO-nun Baş direktorunun müavini (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan hökumətinin rəhbərlik etdiyi "Green Digital Action" təşəbbüsünü dəstəkləməklə COP29-da iştiraka başlamaqdan məmnunam.

Trend xəbər verir ki, bu barədə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Nəzərə alsaq ki, biz xeyli geridəyik, bu səylər iqlim problemlərinin miqyasına uyğun gəlir. Texnoloji tərəqqi hələ iqlimi yaxşılaşdırmağa kömək etmir. Əksinə, yüksək enerji istehlakı, su istehlakı, resurs istifadəsi və tullantıların istehsalı ilə əlaqəli süni intellektin və generativ süni intellektin karbon izi böyük narahatlıq doğurur", - o bildirib.

Q.Ramos vurğulayıb ki, UNESCO 2021-ci ildən bəri süni intellekt və ətraf mühit məsələləri ilə fəal şəkildə məşğul olur. Bu fəaliyyət 194 üzv dövlət tərəfindən imzalanmış və ekologiyaya həsr olunmuş geniş bir bölməni özündə əks etdirən Süni İntellektin Etik Aspektləri üzrə Tövsiyəyə əsaslanır.

"Green Digital Action" təşəbbüsü təkcə süni intellektin ətraf mühitə təsirini minimallaşdırmağa deyil, həm də texnologiyalardan ekoloji problemlərin həlli üçün istifadə etməyə yönəlib. Bu istiqamətdə işləri Fransa ekoloji keçid naziri, həmçinin, ISO, IEEE və ITU təşkilatları ilə birgə davam etdiririk.

Bu iş çərçivəsində ölçülər üçün yol xəritəsinin hazırlanması planlaşdırılır və həmin xəritə gələn ilin fevral ayında Fransada keçiriləcək Süni İntellekt Fəaliyyətləri Sammitində təqdim ediləcək", - o əlavə edib.

Eyni zamanda, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası da Qabriela Ramosun COP29-da Azərbaycan Pavilyonunu ziyarət etməsi münasibəti "X" sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti