Bakı. Trend:
Milli və beynəlxalq inkişaf banklarının idarəçiliyini təkmilləşdirmək üçün investisiya lazımdır.
Trend xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament Görüşü zamanı keçirilən “İqlim maliyyəsinin qlobal arxitekturasının təhlili: resursların səfərbər edilməsi və iqlim fondlarına çıxışın sadələşdirilməsi” sessiyasında BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi Mahmoud Mohieldin deyib.
"Ehtiyacı olan ölkələrdə alıcılara vəsaitlərin qəbulu prosesinin həddən artıq uzun sürməsi faktını məlumatlar da təsdiq edir: bəzi çoxtərəfli maliyyə institutlarında bu proses 30 aydan, yəni iki ildən çox vaxt aparır.
Dünya Bankının prezidenti keçən il Mərakeşdə keçirdiyi illik toplantılarda cəsarət nümayiş etdirərək demişdi ki, əksər hallarda bir dolların qurumu tərk edib hədəfinə çatması üçün 27 aydan çox vaxt lazımdır. Bu, idarəetmənin təkmilləşdirilməsinə və maliyyə axınlarını daha effektiv şəkildə istiqamətləndirmək üçün milli və beynəlxalq inkişaf banklarının potensialının gücləndirilməsinə investisiya ehtiyacını vurğulayır", - o bildirib.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.