...

AİB Mərkəzi Asiyada iqlim riskləri ilə mübarizə üçün monitorinq və məlumat mübadiləsi sistemi işə salacaq

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 15:33 (UTC +04:00)
AİB Mərkəzi Asiyada iqlim riskləri ilə mübarizə üçün monitorinq və məlumat mübadiləsi sistemi işə salacaq
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) çox istifadəli xəbərdarlıq təşəbbüsü çərçivəsində monitorinq və məlumat mübadiləsi sistemi işə salmağı planlaşdırır ki, bu da məlumatların izlənməsi və yayılması üçün əsas element olacaq.

Trend xəbər verir ki, bunu AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin direktor müavini Syaoxon Yan "Dayanıqlığın artırılması üçün iqlim məlumatı sistemlərinin və çoxprofilli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə deyib.

“Bu, region ölkələri arasında institusional bacarıqların və koordinasiyanın gücləndirilməsinə kömək edəcək. Mərkəzi Asiya quraqlıqlar, daşqınlar, zəlzələlər və ekstremal hava hadisələri də daxil olmaqla, müxtəlif böhranlara qarşı son dərəcə həssasdır. Son 20 ildə Mərkəzi Asiyada daşqınlar və quraqlıqlar səbəbindən 1,3 trilyon dollardan çox zərər qeydə alınıb və minlərlə insan həyatını itirib”, - deyə o bildirib.

Direktor müavini qeyd edib ki, AİB təbii fəlakət risklərinin azaldılması, onlara hazırlıq və məlumatlara əsaslanan adaptiv strategiyaların hazırlanması sahəsində regional əməkdaşlığa çağırır.

O vurğulayıb ki, regionun hər bir ölkəsinin özünəməxsus problemləri və imkanları var ki, bu da müxtəlif yanaşmaları tələb edir.

“Regional əməkdaşlığın və inteqrasiyanın olmaması sərhədlərarası erkən xəbərdarlıq sistemlərinin yaradılmasına ciddi maneə törədir. Bu, regionu və onun əhalisini sərhədlərarası problemlər qarşısında həssas vəziyyətdə qoyur, çünki fəlakətlərin dövlət sərhədləri yoxdur”, - deyə Syaoxon Yan bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti