Bakı. Trend:
COP29-da iqlim maliyyəsi öhdəliyinin 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıq əldə olunub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşündə bildirilib.
Bildirilib ki, nazir Ceyhun Bayramov COP29 sədrliyimiz, aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığı səyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyinin razılaşdırılmasının gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
"Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqların əldə olunduğu diqqətə çatdırılıb", - məlumatda qeyd edilib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.