Bakı. Trend:
COP29 çərçivəsində Azərbaycan Kosmik Agentliyi “Azərkosmos”un təşkilatçılığı ilə “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” mövzusunda sessiya keçirilib. Tədbirin moderatoru “Azərkosmos”un beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramov olub.
Trend xəbər verir ki, sessiyada dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün iqlim xidmətlərinin əlçatanlığını artırmaq və onların effektivliyini yüksəltmək məsələləri müzakirə edilib.
Avropa Kosmik Agentliyinin (ESA) Yer müşahidəsinin tətbiqi üzrə mühəndisi Frank Martin Seyfert çıxışında ESA-nın iqlim dəyişikliyinin 27 növünü izlədiyini və meteoroloji missiyalarının miqyasını genişləndirməyi planlaşdırdığını bildirib. O qeyd edib ki, agentliyin məlumat bazası hər kəs üçün pulsuz olaraq açıqdır. Həmçinin Ümumdünya Meteorologiya Təşkilatının son hesabatına istinad edərək, 2015-2024-cü illərin müşahidə tarixində ən isti dövr olduğunu vurğulayıb.
İqtisadiyyat, gənclər və davamlı inkişaf departamentinin baş direktoru Rut Kattumuri isə “Big Data” və kosmik tədqiqatların iqlim dəyişikliyinin təsirlərini azaltmaqda əhəmiyyətli rolunu qeyd edib. O bildirib ki, böyük məlumatların təhlili üçün innovativ informasiya texnologiyalarından istifadə edilməlidir.
Azərbaycan Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov süni intellekt texnologiyalarının, “Big Data” və “Machine Learning” kimi yanaşmaların iqlim məlumatlarının təhlili və qərar qəbuletmədə mühüm rol oynadığını vurğulayıb.
“Azərkosmos”un geoinformasiya sistemləri mərkəzinin direktoru İsmət Baxışev isə qeyd edib ki, qurum öz fəaliyyətində ətraf mühitə təsiri minimuma endirmək məqsədilə BMT-nin Qlobal Sazişinə qoşulub. O, həmçinin peyk məlumatlarının kənd təsərrüfatı və su ehtiyatlarına iqlim dəyişikliyinin təsirini azaltmaqda effektiv vasitə olduğunu bildirib.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.