Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin energetika naziri vəzifəsinə Liberty Energy neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürməyi planlaşdırır.
Trend xəbər verir ki, seçilmiş prezidentin keçid komandası tərəfindən verilən bəyanatda Kris Raytın enerji sənayesində aparıcı texnoloq və uğurlu sahibkar olduğu vurğulanıb. “O, nüvə, günəş, geotermal və neft-qaz enerjisi sahələrində geniş təcrübəyə malikdir,” - deyə sənəddə qeyd olunur. Rayt həmçinin Trampın yeni elan etdiyi Milli Enerji Şurasına da üzv olacaq. Bu şuraya Şimali Dakota ştatının qubernatoru Duqlas Burqum rəhbərlik edəcək. Burqum daha əvvəl Tramp tərəfindən Daxili İşlər Nazirliyinə rəhbərlik etməyə namizəd göstərilmişdi.
Tramp bəyanatında bildirib: “Kris Rayt və Duqlas Burqum birgə işləyərək ABŞ-ın enerji dominantlığını təşviq edəcəklər. Bu, inflyasiyanın azaldılmasına və süni intellekt sahəsində Çin və digər ölkələr üzərində üstünlüyün əldə edilməsinə səbəb olacaq.”
Amerikanın media orqanlarının yazdığına görə, Kris Rayt Trampın enerji siyasətini dəstəkləyən əsas fiqurlardan biridir. O, neft hasilatının artırılmasının tərəfdarıdır və qalıq yanacaqların əhəmiyyətinə inanır. 2023-cü ildə CNBC-yə verdiyi müsahibəsində Rayt bildirib: “Dünya neft və qazla işləyir və biz buna ehtiyac duyuruq.” Onun, Trampın iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlıqdan imtina siyasətini dəstəkləyəcəyi gözlənilir, çünki Rayt istixana qazı emissiyalarının planetin temperaturunu artırdığına və təbii fəlakətlərə səbəb olduğuna inanmır.
Qeyd edək ki, hazırda ABŞ-ın energetika naziri vəzifəsində Cennifer Qranholm çalışır. ABŞ Energetika Nazirliyi nüvə hərbi kompleksinə rəhbərlik edir.